Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracınıi sürətləndirir

0
54

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Rusiya bazarına meyvə-tərəvəz ixracının prosesinin sürətləndirilməsi istiqamətində Azərbaycan sahibkarlarına köməklik göstərir.

Bunu İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ciddi şəkildə məşğul olur ki, bu qurumun dəstəyi ilə bir neçə görüşlər təşkil olunub.

“Bildiyiniz kimi, Rusiyaya mütəmadi olaraq səfərlər təşkil olunur. Müsbət hal ondan ibarətdir ki, daha çox şirkətimiz qeydiyyata alınıb. İlin əvvəlində şirkətlərin sayı 50-yə yaxın idisə, hazırda 100-dən çox sahibkar qeydiyyata alınıb və öz məhsullarını Rusiyaya ixrac edir. Proses təkmilləşdirilir, sahibkarlar və müəssisələr karantin və qida təhlükəsizliyi şəraitinə uyğunlaşaraq artıq öz məhsullarını ixrac edə bilir. KOBİA sahibkarlar, AQTA və Rusiya həmkarları ilə mütəmadi olaraq əlaqələndirmə işləri aparır ki, bu proses daha tez, daha sürətli şəkildə getsin”, – deyə O. Məmmədov qeyd edib.

Xatırladaq ki, AQTA-nın mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə video-monitorinqlər davam etdirilir. Görülən işlərin məntiqi nəticəsi olaraq bu günədək ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.