Azərbaycan – Ukrayna münasibətlərinə töhfə verən xalq yazıçısı

0
126

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş, hazırda isə Azərbaycanı Ukraynada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edən Elmira Axundova 1953-cü il mayın 26-da anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib.

1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1977-1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin rus redaksiyasının müxbiri işləyib, yerli və ümumittifaq televiziyası üçün reportajlar, verilişlər hazırlayıb.

O, 1980-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent, daha sonra məsləhətçi vəzifəsində çalışıb, 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. 1988-1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı üzrə Şöbəsinin böyük elmi işçisi olub. 1991-ci ildə yazıçıların qurultayında Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Azərbaycan Yazıçılar Birliyinin Rəyasət heyətinin və Ağsaqqallar Şurasının üzvüdür.

Keçən əsrin 80-90-cı illərində Elmira Axundova aktiv şəkildə bədii tərcümə ilə məşğul olub. Bakı, Moskva, Kiyev, Leninqradda onun tərcüməsində Azərbaycan yazıçılarının xeyli sayda kitab və nəsr topluları işıq üzü görüb. Onların sırasında Elçin, Anar, İsmail Şıxlı, Vidadi Babanlı, Manaf Süleymanov və s. kimi yazarlar var. Eyni zamanda o, elmi işlə də məşğul olub. Filologiya üzrə fəlsəfə doktorudur (1984), “Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu-XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” monoqrafiyasının, həmçinin ali məktəblər üçün “Jurnalistika nəzəriyyəsi və KİV problemlərinin əsasları”, “Müasir dövrü nəşrin əsas janrları və tərcümə problemləri” adlı tədris vəsaitlərinin müəllifidir. 1990-cı ildən 1998-ci ilədək Elmira Axundova “Literaturnaya qazeta”nın (Rusiya) Azərbaycan üzrə müxbiri olmuş, daha sonra respublikanı digər xarici kütləvi informasiya vasitələrində – “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “İzvestiya” – təmsil etmişdir. Təqribən 10 il müddətində (1993-2002) “Svoboda” (“Azadllıq”) radiosunun rus xidmətinin müxbiri olmuşdur. O, yerli və xarici mətbuatda dərc edilmiş yüzlərlə məqalə və oçerkin müəllifidir. Rusiya və xarici kütləvi informasiya vasitələrində müxbir kimi həyata keçirdiyi fəaliyyət Elmira Axundovanı ən çox oxunan yazarlar sırasına daxil edib.

Bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: “Fərmanla əfv olunmuşdur…”, “Naşirin qətli”, “Həqiqət anları”, “Əlövsət Quliyev: o, tarix yazırdı”, “Bu bizik”, “Yaşamaq vaxtıdır”, “Şüşə Saray”, “Anar Məmmədxanov. Kapitanın taleyi”, “Prezidentin portreti dəyişikliklər fonunda” kimi kitabların müəllifidir. Ümummilli lider Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundova 10 ilini “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatın yazılmasına sərf edib. 2014–cü ildə bu əsərə görə E.Axundova Dövlət mükafatı adına layiq görülüb. Kitabın 1-ci cildi bu il Ukrayna dilinə də tərcümə olunaraq təqdim olunub. Elmira Axundovanın iki kitabı – “Naşirin qətli” və “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabları da Ukrayna dilinə tərcümə olunub.

Elmira Axundovanın ssenarisi üzrə respublikada bədii tele- və kinofilmlər çəkilib. E. Axundova Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Respublika Yazıçılar Birliyinin “Nəcəf Nəcəfov” və Beynəlxalq Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatlarına layiq görülüb. 2003-cü ildə Azərbaycan publisistikasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilib, 2005-ci ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2013-сi ildə Elmira Axundova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. 2018-ci ilin may ayında E.Axundova “Xalq yazıçışı” fəxri ada layiq görülüb. 2 övladı və üç nəvəsi var.

Parlamentdəki fəaliyyəti dövründə Əmək və sosial siyasət Komitəsinin üzvü, Mədəniyyət Komitəsinin üzvü olaraq daim fəallığı ilə seçilib. Deputat kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil eedib. 2008-2019-cu illərdə respublikanı MDB Parlamentlərarası Assambleyada təmsil edib. Azərbaycan-Ukrayna dostluq qrupunun üzvü, Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəri olub. Hazırda da səfir kimi Azərbaycanı Ukraynada eyni fəallıqla təmsil edir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin martından səfir təyin olunduqdan keçən 1 il müddətində iki ölkə arasında münasibətlərdə, xüsuslə bu ölkədəki azərbaycanlılarla iş üzrə həyata keçirdiyi yeniliklər və uğurlu addımlarla diqqət çəkib. Elmira Axundova səfir olduğu müddətdə də mətbuatda məqalələri ilə fəal çıxışlar edir.