Sankt-Peterburqda 20 Yanvar şəhidləri yad edilib

0
7

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılğı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.Azərbaycan Milli-Mədəni Muxtariyyətinin, Azərbaycan Gənclər Birliyinin və Sankt-Peterburq şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdikləri tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Mərasimdə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov və başqaları çıxış ediblər. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin tapşırığı ilə Bakıda törədilən faciəyə ümummilli lider Heydər Əliyev sərt etiraz səsini ucaldıb, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib. Faciə günü xalqımızın silahsız övladlarının qorxmadan küçələrə və meydanlara çıxması sovet hərbi gücü üzərində mənəvi qələbə, insanların öz Vətəni uğrunda canından keçməyə hazır olmasının bütün dünyaya nümayişi kimi dəyərləndirilib.
Tədbir şəhidlərimiz üçün duaların oxunması ilə başa çatıb.