Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

0
1941

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu şəhərin ümummilli birləşdirici məkan və simvol kimi yerini möhkəmləndirdi. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə siyasi paytaxtımız Bakıda keçirilmişdi. Zəfər Qurultayı kimi tarixə düşən Dünya Azərbaycanlılarının V Qurultayının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilməsi və onun həmin tədbirdəki çıxışı göstərdi ki, Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. Şuşa Azərbaycanın tarixində, azərbaycanlıların qəlbində və düşüncəsində həmişə xüsusi yer tutub. Ulu Öndər deyirdi ki, “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq”. Şuşanın düşmən işğalından azad edildiyi gün Prezident İlham Əliyev tərəfindən “Zəfər Günü” elan olundu və həyatımıza Zəfər bayramı kimi daxil oldu. Şuşa azad olunduqdan sonra bu şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. TÜRKSOY təşkilatı isə Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib. Şuşa Azərbaycanın mədəni və mənəvi irsi və rəmzləri ilə zəngin şəhərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır. Zəfər Qurultayının Şuşada keçirilməsi, bütün dünyada yaşayan azərbaycanlıların Şuşaya toplaşması bunu açıq şəkildə göstərir.

V Qurultaydan sonra yaşadıqları ölkələrə qayıdacaq soydaşlarımızın isə deməyə daha çox sözləri var. Həm də azad Şuşanı görmək və Müzəffər Ali Baş Komandanla görüşmək tamamilə başqa bir hissdir. Vətən müharibəsindəki qələbə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın qürur mənbəyidir. Çünki onlar indi qalib xalqın təmsilçiləridir.

Şəhla Eminova –“Əməkdar müəllim