Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir

0
1798

Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir

Dünya Azərbaycanlılarının V Qurultayın iştirakçısı olan soydaşlarımızın da ovqatı fərqli və həm də vüqarlı idi. Ona görə ki, Zəfər sevincini bu dəfə işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan Şuşada yaşadılar. Onlar Zəfər  yolu ilə gələrək, ordumuzun qəhrəman əsgər və zabitlərinin hansı çətin coğrafi şəraitdə xalqımıza qələbə sevinci bəxş etdiyini gördülər. Qeyd edək ki, V Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Şübhəsiz ki, bu tədbirdə daha çox sayda soydaşımız iştirak etmək arzusunda olub. Vətən müharibəsindəki Zəfərin təməlində dayanan əsas səbəb cənab İlham Əliyevin müdrik siyasətidir. Məhz bu siyasət Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirdi, 2020-ci ilin Vətən müharibəsində isə dövlətimizin ərazi bütövlüyünü təmin etdi.  Bu siyasətin ən böyük uğurlarından biri də xalqımızın milli həmrəyliyini təmin etməsi, dünyanın hər yerində yaşayan soydaşlarımızı vahid amallar ətrafında birləşdirməsidir.

Əvvəlki qurultaylarda Prezident cənab İlham Əliyev dövlətimizin taleyüklü məsələləri ilə bağlı müxtəlif ölkələrdən olan soydaşlarımıza mühüm tövsiyələr vermişdi. Dövlət başçısı informasiya müharibəsinin gücləndiyi bir şəraitdə Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrə çatdırılmasının, erməni yalanlarının ifşası istiqamətində fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdı. Bu baxımdan Vətən müharibəsinə gedən yolda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mühüm xidmətləri oldu. Təkcə Vətən müharibəsi dövründə soydaşlarımızın diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçiriblər və bu, milli həmrəyliyimizin təntənəsi olmaqla, erməni yalanlarının qarşısının alınmasında mühüm rol oynadı. V Qurultayda Prezident İlham Əliyev bu barədə deyib: “Biz hamımız – həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

Elvin Xəlilov- Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru