Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir

0
1488

Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə, suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərkənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Azərbaycanın qüvvətli ordusu var. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir yumruq” yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq.

 

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru