Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

0
1518

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Erməni qəsbkarları məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışdılar. Erməni millətçiləri 200 ildən artıq bir zaman kəsiyində yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə-yeksan etmişdilər. Keçmiş SSRİ imperiyasının dağılması və müstəqilliyin bərpa edilməsi ərəfəsində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, işğal zamanı yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Ötən 30 ilə yaxın bir müddət ərzində beynəlxalq birliyin məsələnin həllinə yox, dondurulmasına çalışdığını və bununla da illər ərzində aparılan danışıqların nəticəsiz qaldığını və həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində qalıb, məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləniblər. Xüsusilə də, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Bütün bu illər ərzində isə Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdi. Hətta, Ermənistan işğal zamanı mülki, təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmiş, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdu. Əlbəttə ki, Azərbaycan bu işğalla barışmayacağını dəfələrlə nümayiş etdirmiş, 2016-cı il aprel ayında Lələtəpə, 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı bu sarsılmaz iradəsini nümayiş etdirmişdi. Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdu. Mənfur düşmənin bu hücumuna cavab olaraq başlanmış Vətən müharibəmiz ölkəmizin tam qələbəsi ilə yekunlaşmışdır. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ işğaldan azad olunaraq, ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin olunmuşdur. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etmiş, Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib ordu kimi adını həkk etdirmişdir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov