Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir

0
1518

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

 

Biz Azərbaycan xalqı olaraq  torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Vətən müharibəsində dövlətimizin möhtəşəm qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə imicini daha da gücləndirib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün bu illərdə atılan davamlı addımlarla bağlıdır. Yəni, Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Məhz bunun nəticəsi olaraq illər öncə Azərbaycana qarşı edilmiş işğal faktı 44 günlük Vətən müharibəsi ilə aradan qalxdı.

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli