44 günlük Vətən müharibəsi şanlı tariximizdir

0
1703

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  Prezidentimiz cənab  İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı.

27 sentyabr 2020-ci il tarixində  başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.

44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq iki il ötür… Çox tez keçdi iki il, lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru- Kəmalə Əliyeva