Qələbəyə aparan yol

0
1578

Qələbəyə aparan yol.

Böyük zəfərlə başa çatan və Azərbaycan xalqının tarixində əbədi qürur yeri olan 44 günlük Vətən müharibəsindən artıq iki il ötür. Savaş dövründə dünyaya milli birlik nümayiş etdirmiş Azərbaycan xalqı qazandığı parlaq qələbə ilə yenidən doğuldu, öz coğrafiyasının günəşinə çevrildi. Təbii ki, Vətən müharibəsinin zəfərlə başa çatması uzun illər həyata keçirilən mühüm missiyaların, aparılan müdrik siyasətin, dərin strateji düşüncənin, qarşıya qoyulan dəqiq hədəflərin professional şəkildə icrasından qaynaqlanırdı. Bütün bu mənzərədən çıxış edərək, belə düşünürük ki, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə qürur yerimiz olan Müzəffər Ordumuzun qazandığı qələbəyə aparan zəfər yolu aşağıdakı istiqamətlərdə əldə olunan böyük nailiyyətlərin nəticəsi idi: Böyük Vətən müharibəmiz müzəffər Azərbaycan ordusunun qələbəsi ilə bitdi. Bu qələbə xalqımızın qəhrəmanlıq tarixində böyük səlnamələr, dastanlar yazmış oldu. Sentyabr ayının 27-dən xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir mərhələ başladı. Həmin gün Azərbaycan Ordusunun torpağımızın erməni işğalından azad olunması uğrunda zəfər yürüşü başladı. Xalqımızın mübarizə əzmi, şanlı ordumuzun döyüş qabiliyyəti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyətli mövqeyi möhtəşəm Qələbəni Azərbaycan xalqına bəxş etdi. Xalqımızın yenilməzliyi, məğrurluğu Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Şuşada mənəvi birliyimizin, torpaqlarımızın bütövlüyünün rəmzi olan üçrəngli bayrağımızın dalğalanması ilə təsbit olundu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında olan görüşdə imzaladıqları birgə bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir.

Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u  ölkəmiz üçün tarixi bir gün oldu.  Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını şərtləndirdi. Bu sənəd,  Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə bizə asanlıqla başa  gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi. Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı.

 

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktor əvəzi – Rəşad İsmayılov