İşğaldan əvvəlki Cəbrayıl rayonu

0
1201

İşğaldan əvvəlki Cəbrayıl rayonu

1988-ci ildən, 1993-cü ilə qədər erməni qəsbkarlarına qarşı mərdliklə döyüşən Cəbrayıl rayon sakinlərindən 400-ə yaxın şəhid olmuşdur ki, onlardan da 13 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qanlı-qadalı döyüşlər nəticəsində rayon üzrə 8 uşaq müharibədə hər iki, 207 uşaq isə valideynlərdən birini itirmişdir. Torpaqların müdafiəsində qəhrəmanlıq göstərmiş həmyerlilərimizdən 6 nəfəri  Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. İşğal nəticəsində 52604 Cəbrayıl rayon sakini ata-baba yurdlarından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Yuxarıda deyildiyi kimi, Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “şəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri həm tarixi və həm də arxoloji baxımdan çox qiymətli memarlıq abidələridir. Bunlarla yanaşı Doğtumas kəndindəki “Başıkəsik Kümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı” Azərbaycan memarlığının nadir inciləri hesab edilməyə layiqdir. Bu baxımdan Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin də hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu sayda yazılı abidələr vardır ki, bunlardan biri – Ağoğlandakı Orxan yazılı abidəsi ulu keçmişimizin izlərini əks etdirən ən dəyərli daş salnamələrdən biridir.

Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları ilə zəngin olmuşdur. Əhali işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Dirili Qurbaninin, Aşıq Pərinin, Mucrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqa bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə həmişə ölkəmizdə fərqlənmişdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal