İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir

0
1512

Düşmən üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə oldu, erməni vəhşiliyini dünyaya nümayiş etdirdi. Möhtərəm Prezidentimiz həmin ərazilərdə olarkən bildirdi ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq, Qarabağın inkişafına diqqət yetirməmişdir. Əslində isə Azərbaycan Qarabağın inkişafına xüsusi diqqət yetirmiş, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutmuşdur. Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının  istehsalına görə keçmiş Azərbaycan SSR-nin ən qabaqcıl iqtisadi rayonlarından biri olmuş, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılmışdır. Dövlətimizin başçısı Qarabağı və Şərqi Zəngəzuru  yaşıl enerji zonası elan etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi   potensialı var. Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır.

Lakin Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılmış və ya talan olunmuşdur. Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdur.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev, birinci Mehriban xanım Əliyeva işğaldan azad edilmiş rayonlarımızda indiyədək bir neçə dəfə səfər edib və mühüm layihələrin təməllərini qoyublar. Artıq cəmi bir neçə il keçməsinə baxmayaraq, burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılmışdır. Bütün bunlar iqtisadi inkişafımıza mühüm töhfə verəcəkdir.

Qarabağda tikinti-abadlıq işləri planlı şəkildə aparılır və bu məsələ dövlət başçısının diqqət mərkəzindədir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova