Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub

0
1640

Azərbaycan 2020-ci ildən bəri dünyanı iki dəfə heyrətə gətirib. Birincisi, 44 gündə 30 ilə yaxın bir vaxtda düşmən tərəfindən çətin coğrafi məkanda möhkəmləndirilmiş istehkamları yarıb tarixi qələbə qazanıb. Bu müharibədə ölkəmiz XXI əsr hərb tarixində analoqu olmayan bir döyüş taktikasını yerinə yetirərək düşməni məğlub edib. İkincisi, erməni vandallarının dağıtdığı infrastrukturu bərpa edərkən dünyanı bir daha heyrət içində qoyub. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının tikintisinin 8 ayda başa çatdırılması dostlarımız həm də düşmənlərimiz tərəfindən bir möcüzə kimi qəbul olunub. Cənab Prezident İlham Əliyevin müharibə başa çatan kimi dediyi sözlərdən biri “Qarabağı cənnətə çevirəcəyik!”

Düşmən belə bir qətiyyəti gözləmirmiş. Belə düşünürdülər ki, yalnız əraziləri minalardan təmizləməyə bir neçə il lazım olacaq. Yəni, ən yaxşı halda infrastrukturun bərpasına başlamaq üçün bir neçə il itirəcəyik. Həm də belə düşünənlər təkcə ermənilər deyildi. Bu sahə üzrə beynəlxalq səviyyəli mütəxəssislərin fikirləri də ermənilərinkindən fərqlənmirdi. Sadəcə onlar Prezident İlham Əliyevin qətiyyətini və Azərbaycan xalqının işgüzarlığını düzgün hesablaya bilməmişdilər. Ötən dövr görülən işlərin miqdarı o qədər böyükdür ki, hər kəsi heyrətə salır. Şuşada yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Zəngilanın “ağıllı kənd”i Ağalı öz sakinlərini qəbul edib. Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizində hərəkətin bərpası üçün Azərbaycan tərəfdə işlər qrafikə uyğun icra edilir, Zəngilan və Laçın hava limanlarının tikintisi üçün lazım olan hazırlıq işləri görülür, işğaldan azad olunan Şuşa, Laçın və Kəlbəcər kimi yüksək dağlıq ərazidə dəmiryolu xətlərinin çəkilməsi üçün sənədləşmə işləri görülür və s. Sözsüz ki, bütün bu işləri görmək üçün möhkəm iradə, bacarıqlı kadrlar və maliyyə lazımdır. Azərbaycanda bunlar var, yəni kiməsə ehtiyacımız yoxdur.  Azərbaycan dövlətinin siyasətinin əsas məqsədi işğaldan azad olunmuş əraziləri tezliklə bərpa edib, yurd həsrəti ilə yaşayan soydaşlarımızı bu yerlərə qaytarmaqdır. Əsas məsələ, Prezidentin dediyi kimi, doğma yerlərdən məcburi köçkünə çevrilən insanların yaxşı şəraitdə  yaşamalarıdır. Bunun üçün bütün layihələr beynəlxalq standartlara uyğun hazırlanır. Təkcə şəhər və rayon mərkəzlərinin deyil, kəndlərin də bərpa layihələri bu prinsipə əsaslanır.

İşğaldan azad edilmiş ərazilərin bərpasında xüsusi diqqət yetirilən amillərdən biri də enerji obyektlərinin tikintisidir. Dövlət başçısının qərarı ilə gözəl təbiətə mailk bu yerlərdə təmiz, bərpaolunan enerji mənbələrindən istifadə ediləcək.

Məlumdur ki, iqtisadiyyatın, o cümlədən turizmin inkişafında, xüsusilə bu sahəyə xarici investisiyaların qoyuluşunda hava limanlarının fəaliyyəti böyük əhəmiyyət daşıyır. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi, Zəngilan və Laçın hava limanlarının tikintisi əcnəbi iş adamlarının bölgəyə marağını artıracaq.

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli