Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

0
1361

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam”-günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini-Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi isə 4950 nəfərdir. Qarabağ müharibəsinin ilk şəhidlərini Ağdam rayonu verib. 22.02.1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmişdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova