Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur

0
1230

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcəbədi,Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozlucayboyu, Kondələnboyu, Arazboyu və Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.1959-cu ildə boyuk şair Məhəmməd Fuzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Fuzuli rayonu adlandırılmışdır. Füzuli rayonu 1970-ci ildən boyuk inkişaf yolu kecmiş, tərəqqi etmiş, sənaye və muasir kənd təsərrufatı rayonuna cevrilmişdir. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 uzum emalı muəssisəsi, 100-dən cox iri müəssisə və təşkilat, dram teatrı, mədəniyyət evi, kutləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, insanları doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. 1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında  Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür. 27 sentyabr 2020-ci il tarixdə ermənilərin növbəti təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlamış haqq savaşımızda Füzulinin və digər rayonlarımızın işğaldan azad edilməsi şanlı tariximizin parlaq salnamələrindəndir. Bu gün doğma torpaqlarımıza həyat yenidən qayıdır. Bu diyarlarda həyata keçirilən abadlıq qruculuq işləri, irimiqyaslı layihələr hər bir azərbaycanlının sevincinə səbəb olur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova