Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı

0
1568

Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdur. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü. İyrimi yeddi il ərzində düşmən daşı daş üstündə qoymamışdı. Düşmən Füzulidə yalnız qarnizon yaratmışdı ki, ətrafları da bununla təmin edirdi. Azərbaycanın şanlı ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən xətt çəkərək, üzərinə qızıl hərflərlə 2020-ci il 17 oktyabr zəfərini yazdı. Bəli, ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Füzulinin işğaldan azad olunması Qubadlı və Zəngilanın azad edilməsi üçün böyük imkanlar açırdı. 2020-ci il Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Füzulinin azad edilməsi hərbiçilərimizin böyük peşəkarlığı, mərhəməti və fədakarlığı sayəsində mümkün oldu. Otuz il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış mütəxəssislərin belə, Füzulinin işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan ordusu mümkünsüzü mümkünə çevirdi. Ordunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən ermənilər Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdılar. Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusunun hər fərdinin payı var bu böyük zəfərdə.  Hər birinə minnətdarıq. Onların sırasında gəncliyinə, yarımçıq qalmış ömrünə, arzularına yandığımız, igidliyiylə, mərdliyiylə, cəsarətiylə qürurlandığımız şəhid oğullarımız var. Sonsuz minnətlə anıb ruhları qarşısında baş əyirik. Yaralı oğullarımız, qazilərimiz var. Allahdan şəfa diləyir, böyük qələbəni, yeni quruculuq dövrünü, gələcək xoşbəxt günləri xalqımızla birgə yaşamaq üçün ömrünüz uzun olsun deyirik. Çəkdiyiniz acıları bizlərə halal edin, vətən sevdalı igidlərimiz!  Uğrunda canınızdan keçdiyiniz, qanınızla suvarılan  o müqəddəs torpaqlar – Füzulimiz,  Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Zəngilanımız  artıq bizimdir. “Qarabağ Azərbaycandır!”.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov