Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir

0
1644

Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr tarixində Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ilə bərabər Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi günlərində isə ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş, döyüşlər zamanı Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov