Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir

0
1681

Azərbaycanı möhtəşəm tarixi qələbəyə aparan yolun əsası əslində Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. Müstəqil dövlətin qurulması, hərtərəfli iqtisadi və siyasi islahatların həyata keçirilməsi, nizami ordu quruculuğu, dövlətin iqtisadi qüdrətinin artırılması, ölkəmizin erməni təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan addımlar idi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görülməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən Vətən müharibəsinin elə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına məlhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi. Qəhrəman Azərbaycan döyüşçüləri 9 Noyabr–Bayraq Günündə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza bir daha qələbə sevinci yaşatdılar. Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Qarabağın tacı Şuşanı azad etdi. 2020-ci il noyabrın 8-də şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Şuşada dalğalandırdı. Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərçivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını qan tökülmədən qaytarmaq öhdəliyini öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular. 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir.Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaqdır. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm şanlı qələbə və onun müəllifi Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin adı xalqımızın yeni tarixinin ən şərəfli səhifəsinə əbədi həkk olunubdur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov