Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir

0
1516

Bu gün Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir

Fransa Prezidenti Makron sözügedən müsahibəsində riyakarcasına iki il əvvəl beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda müharibə baş verdiyini iddia edib: “Bu fikrin reallıqdan uzaq olduğunu elə Fransanın da iştirakı ilə  hazırlanan və qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi təsdiqləyir. Azərbaycan öz torpaqlarında müharibə  aparıb. Dövlətimizin suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.   Erməni  silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT qətnamələrində öz əksini tapmışdır. Fransa Prezidentinin ölkəmizə qarşı qərəzdən, Ermənistana isə sevgidən qaynaqlanan bu açıqlaması beynəlxalq hüququn əsas prinsipi olan  ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. İkili standartlara əsaslanan siyasəti ilə 30 il münaqişənin həllinin uzanmasına səbəb olan  ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə Fransanın bu vasitəçiliyi yenidən bərpa etməyə  çalışması bu dövlətə qarşı inamsızlığı daha da artırır. 30 illik işğal dövrünün reallıqlarını yenidən təkrarlamağa çalışan Fransa Prezidentinə dövlət başçısı İlham Əliyevin “Sülh təklifi uzun müddət masa üzərində qala bilməz”  bəyanatını xatırlatmaq istərdik. Dövlətlərarası münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin bəzi dünya gücləri tərəfindən arxa plana keçirilməsi dünyanın doğrudan da hüquq problemini yaşamasını təsdiqləyir. Reallıq budur ki,  iki il bundan öncə Ermənistan silahlı qüvvələrinin  növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmasının qarşısını almaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Hücum!» əmrinə uyğun olaraq “Dəmir yumruq” əməliyyatına başladı. 44 gündə  Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, dünya dövlətlərinin edə bilmədiklərini etdi, BMT qətnamələrini təkbaşına icra edərək dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı.  44 günlük Vətən müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğu təsdiqləndi.

Bu gün Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir. Azərbaycanın tarixi torpağına  “mübahisəli ərazi” deyən, işğalçı Ermənistanı yox, Azərbaycanı ittiham edən,   heç bir halda “Ermənistanı atmayacaqlarını” bildirən bir dövlət və onun  Prezidenti  hansı haqla vasitəçi olmağa iddia edə bilər? Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan dövlətin başçısı heç bir halda danışıqlar prosesində iştirak edə bilməz. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini “işğal” kimi qiymətləndirən, Bakıya “işğalçı” deyən Makron bu absurd fikirlərindən sonra hansı vasitəçiliyinə ümid edir? Azərbaycan ictimaiyyəti öz dövlətindən qəti şəkildə Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməyi tələb edir. Xalqımız yaxşı bilir ki, 30 il ərzində keçmiş münaqişənin həll olunmamasının əsas səbəblərindən biri Fransanın açıq ermənipərəst mövqe tutması olub. İndi bunu açıq şəkildə etiraf edən Fransa bilməli və qəbul etməlidir ki, Azərbaycan bu dövlətin   vasitəçi olduğu formata yol verməyəcək.

 

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı