İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər

0
1700

30 illik işğal dövründə rayon və kəndlərimizin viran edildiyini və böyük vandalizmə məruz  qaldığını nəzərə alsaq, buraya həyatın tam qayıtmasının təmin edilməsi böyük çağırışdır. Həyatın qayıtması dedikdə, təkcə infrastrukturun qurulması, yolların çəkilməsi və hava limanlarının inşa edilməsi nəzərdə tutulmur. İlk növbədə doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin öz torpaqlarına qayıtması həmin torpaqlarda, sözün əsl mənasında, həyatın canlanması demək olacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və nəzarəti ilə rayonun Ağalı kəndində inşa edilmiş “ağıllı kənd”də yüzlərlə Zəngilan sakini artıq məskunlaşıb. Ağalıda müasir standartlara uyğun bütün zəruri infrastruktur, sosial obyektlər və yüksək səviyyəli məişət şəraiti yaradılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva oktyabrın 19-da işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına səfər edib, daha sonra isə Zəngilan rayonunun Ağalı kəndinə gələrək    burada məskunlaşmış sakinlərlə görüşüblər. Bu səfər zamanı cənab Prezidentin Ağalı kəndində yeni inşa edilmiş və cari tədris ilində istifadəyə verilmiş orta məktəbin şagirdləri ilə görüşü və səmimi söhbəti xüsusilə sevindiricidir. Çünki həmin şagirdlər işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın ilk iştirakçılarıdır, həmin şagirdlər Şərqi Zəngəzurun və Qarabağın gələcəyidir, orada qurulan yeni həyatın rəmzləridirlər.

 

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim