Müzəffər Ali Baş Komandanın hər səfəri Böyük Qayıdışın daha da sürətləndirlməsinə yönəlib

0
1684

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Artıq bu gün Qubadlı işğaldan azad olunan digər ərazilərimiz kimi həyatının yeni dövrünü, bərpa-quruculuq mərhələsini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulacağını, soydaşlarımız üçün ən yüksək yaşayış şəraitinin yaradılacağını bildirdi. Bu gün bütün işlər bu hədəfə yönəlib. Ölkə Prezidenti oktyabrın 19-da Qubadlı rayonuna sayca 3-cü səfərini etdi. 2020-ci ilin 23 dekabrında reallaşdırdığı ilk səfəri Qubadlıda Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Bu, qalibiyyətimizin təqdimatı oldu. Növbəti səfər ötən il 25 oktyabr tarixində olub. Həmin səfər zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının, rayonda Dövlət Sərhəd xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlət başçısı İlham Əliyev bu günlərdə reallaşdırdığı səfər zamanı  isə  “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldu, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlyqoma mərasimlərində iştirak etdi. Ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim olundu.

Göründüyü kimi, Müzəffər Ali Baş Komandanın hər səfəri Böyük Qayıdışın daha da sürətləndirlməsinə yönəlib. Tezliklə qubadlılar öz doğma yurd-yuvalarına qayıdacaq və qaynar həyat başlayacaq.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı