44 günlük Vətən Müharibəsi bizim şanlı tariximizdir

0
1580

Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların həyata keçirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi çox mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Əlbəttə, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir.

Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Sirr deyil ki, 30 ilə yaxın davam edən işğal müddətində Ermənistan, onun hamiləri və ikili standartlara əsaslanan siyasət həyata keçirən bəzi güc mərkəzləri beynəlxalq hüquqa məhəl qoymurdular. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi ilə əlaqədar işğalçı dövlətə təzyiq göstərilmir, ona qarşı hər hansı bir sanksiya tətbiq olunmurdu. Amma Azərbaycan öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının bəhs olunan qətnamələrinin icrasını təmin etdi, milli mübarizəsi ilə həmin dairələrə ədalət dərsi verdi. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı.

Çox mühüm məqamlardan biri budur ki, bu qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü.

Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir.

Digər tərəfdən, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək.

Nəticə etibarı ilə, 44 günlük Vətən Müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününü qürurla və şərəflə qeyd edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı