Özəlləşdirmə çekləri ilə bağlı fırıldaq halları: Məmurlar ölkə başçısını aldadır

0
1813

Məlumat üçün bildirək ki, 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilən özəlləşdirmə çekləri dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

BEYNƏLXALQ HÜQUQA, KONSTİTUSİYA VƏ QANUNLARA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏ DÖVLƏTİN TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİ PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ HÜQUQ EKSPERTLƏRİNİN YEKDİL QƏRARINA ƏSASƏN, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan HEC KİMƏ SATA BİLMƏZ! İSTƏR XARİCİ və ya YERLİ investor MÜSABİQƏDƏ QALİB OLDUĞU HALDA ödəmənin ən azı 65%-ni Özəlləşdirmə Çeklərinin NOMİNAL DƏYƏRI ilə etməlidir!

Ən əsası Ulu Öndər Heydər Əliyev Dövlətin ən kasıb vaxtında bütün özəlləşdiriləcək orta və böyük dövlət müəsisələrinin 65%-inin xarici investorlara satılmasına ancaq əvvəlcədən çek opsionlarını alaraq bazardan və vətəndaşlardan özəlləşdirmə çekləri əldə etdikləri halda özəlləşdirmədə iştirakına icazə verdi. Bu Ulu Öndər Heydər Əliyevin İqtisadi Siyasətinin kapitalizmə xüsusi mülkiyyətə dinc keçid üçün əsas olan Tarixi Sosial Ədalət Siyasəti prinsipi və uzaqgörənliyinin nəticəsi kimi Konstitusiya və Qanunlarla təsdiqləmişdir.

image-313350301_500391312015359_6932948587836809072_n

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov Qanunla.Az-a açıqlamasında bildirib ki, dövlət öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir:

“Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərin) dövriyyəyə buraxılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır və Azərbaycan Respublikasının hər bir vətəndaşı 4 çekdən ibarət 1 dövlət özəlləşdirmə payı almaq hüququna malikdir. “Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Baxmayaraq ki, vaxtilə bu çekləri alan vətəndaşlar onlardan faydalanıb mülkiyyət sahibinə çevrilmək arzusunda olublar. O vaxtı özəlləşdirmə obyektlərinin əsas payçıları olan nəzarət səhm paketinin sahibləri minoritar sahiblərə maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi barədə məlumat vermirdi. Lakin Respublika qanunvericiliyinə uyğun olaraq, onlar bu müəssisələrin maliyyə hesabatlarında əks olunan ətraflı məlumatı almaq hüququna malik idilər. Məhz buna görə Azərbaycanda özəlləşdirmə müəyyən maxinasiyalarla keçdi. Özəlləşdirilən müəssisələrə sərmayə qoyan insanlar daha çox əsas payçılar tərəfindən aldadıldı. Bir çox vətəndaşlarımızın bu çekləri indiyə qədər saxlayıb ümidlə gözləməsi onların dövlətə inamından irəli gəlir. Vətəndaş bu çekləri əldə etdiyi vaxtlarda da, qoruyub saxladığı bugünkü gündə də düşünüb ki, bu, dövlətin öhdəliyidir və dövlət mütləq öz vətəndaşı qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcək. İnsanların ümidlərini qırmaq olmaz.

Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Təəssüf ki, məmurlar və məsələyə aidiyyatı olan müvafiq qurumların nümayəndələri vətəndaşların hüquqlarının tapdanmasına şərait yaradan addımlar atdılar.

İndiki məqamda da məmurlar anlamalıdırlar ki, problemin həllinin uzanması vətəndaşı dövlətindən narazı salır. Məmurlar cənab prezidenti aldatmaqla, gələcəkdə vətəndaş qarşıdurması yaratmaq, xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq istəyən bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədalət naminə vətəndaş müharibəsini qaçılmaz edir. Nəzərə alaq ki, əlində çekləri qalan vətəndaşlar hökuməti beynəlxalq məhkəməyə verərsə, beynəlxalq məhkəmə vətəndaşların yanında olacaq və bu qərarın icrasını hökumətdən tələb edəcək.

Vaxtilə biz problemli kreditlərin taleyinin necə olacağını çox düşünürdük. Nəhayət, bir gün bu məsələ öz həllini tapdı. Düşünürəm ki, özəlləşmə çekləri ilə bağlı məsələ də beləcə öz həllini bir gün tapacaq. Vətəndaşların əllərində qalmış özəlləşmə çekləri vaxtilə dövriyyəyə buraxılmış özəlləşmə çeklərinin 20%-indən çox deyil. Bu günə qədər dövlət mülkiyyətində olan bir çox müəssisələrin yaxın vaxtlarda qəbul ediləcək yeni özəlləşdirmə qanununa uyğun özəlləşdirilməsi baş verəcəksə, bu halda vətəndaşların əlində qalmış özəlləşdirmə çeklərinin bu prosesdə istifadə olunması doğru addım olardı”.

image-314463953_665969831730620_3272380003228026985_n

Sabiq deputat Gülər Əhmədova isə öz növbəsində vurğulayıb ki, ölkə vətəndaşlarının bir qismi zamanında aparılmış özəlləşmə prosesindən faktiki olaraq kənarda qalıb. Bu çeklərin dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıdığını nəzərə alsaq, vətəndaşların o vaxtı tapdanan hüququ bu gün bərpa olunmalıdır:

“Vaxtilə işbazlar vətəndaşların məlumatsızlıqdan istifadə edərək özəlləşdirmə çeklərini əllərində cəmləyə bildilər. Əhalinin 80 faizi çeklər barədə informasiyasız olmaqla yanaşı, pulsuz torpaq sahələri aldıqları üçün həmin dövrdə əllərindəki çekləri xarici investorlara ucuz qiymətə satdılar. Nəticədə yerli və xarici investorlar dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı böyük paylara sahibləndilər. Halbuki zamanında özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti və istifadə qaydası ilə bağlı ətraflı məlumat verilməliydi. Bir neçə il öncə yeni özəlləşdirmə qanunu qəbul olunanda Prezident Adminstrasiyası başçısının köməyi ilə yeni təyin olunmuş Əmlak Məsələləri Komitəsinin rəhbəri bir sıra məmurlar vasitəsilə o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək, “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd səlahiyyətlər verməklə, öz məqsədləri üçün istifadə etdilər. Bu cür fərmanları imzalatdıranların məqsədi prezidentə əlavə səlahiyyətlər vermək deyil, insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə öz cinayətlərini ölkə başçısının üzərinə atmaq hiyləsidir. Ümumilikdə isə bu cür konstitusiyadan kənar əlavə səlahiyyət verən qanun maddəsi və fərman bəndi prezidentə lazım deyil.

İnsanların haqqlarını tapdalayan məmurlar və müvafiq qurumların nümayəndələri anlamalıdırlar ki, qiymətli kağızların, o cümlədən dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti məhdudlaşdırıla bilər, lakin bu, onun çıxarılmasını əsas olan dövlət özəlləşdirmə payının (mülkiyyət hüququnun) xitamına səbəb ola bilməz. Özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması zamanında hər bir Azərbaycan Respublikası vətəndaşına verilmiş mülkiyyət hüququnun xitamına da səbəb ola bilməz. Bu baxımdan hesab edirəm ki, özəlləşdirmə çeklərinin aqibəti ilə bağlı yaranan sosial narazılıq tezliklə öz həllini tapmalıdır. İnsanlar onlara verilmiş haqqdan səmərəli şəkildə istifadə etməlidir”.