Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı

0
1800

Azərbaycan dövləti hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Bunlarla yanaşı, Azərbaycanın səbri tükənməz deyil, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır, yəni Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını erməni işğalından azad edəcəkdir.

Bu mənada, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Bütün dünya həmin ərazilərin Azərbaycana məxsusluğunu dərk edirdi, zaman-zaman bununla bağlı bəyanatlar və açıqlamalar verilirdi. 30 ilə yaxın davam edən real mənzərə isə göstərdi ki, danışqların nəticəsi olmadı, Ermənistan öz işğalçılıq və etnikəmizləmə siyaətindən əl çəkmədi. Dünya ictimaiyyəti isə beynəlxalq hüquqa əməl etməsi ilə bağlı Ermənistana heç bir təsir etmədi. Sözsüz ki, vəziyyətin bu cür davam etməsində maraqlı qüvvələr var idi və onlar münaqişənin süni şəkildə uzadılmasında maraqlı idilər. Ancaq Azərbaycan bu vəziyyətlə daha uzun müddət barışa bilməzdi. Çünki Ermənistanın müxtəlif ərazilərimizdə ardı-arası kəsilməyən təxribatları da sərhəd tanımırdı. Təkcə işğal altında saxlanılan ərazilərimizdə deyil, Ermənistanla dövlət sərhəddində yerləşən digər şəhər və kəndlərimizdə, dinc, sivil vətəndaşlarımıza qarşı da təxribatlar davam edirdi. Bu cür təxribatlardan ən iri miqyaslısı isə 2020-ci ilin iyulunda və 27 sentyabr tarixlərində baş verdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi və bu baş verdi. Nəhayət Azərbaycan torpaqlarının azadlığı uğrunda haqq savaşına başladı.

Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.

Məhz bu tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 8 noyabr – tarixi Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixi araşdırmaq, öyrənmək, təbliğ etmək, bütün dünyaya faktlarla çatdırmaq və bu günü bizlərə bəxş edən, həyatını fəda edən qəhrəmanlarımızı xatırlamaq ən müqəddəs borcumuzdur.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru