Soçi görüşü əslində Azərbaycan diplomatiyasının növbəti uğuru oldu

0
1672

Postmüharibə dövründə Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində yeni format yaranıb. Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirərək vurğulayıb: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.” Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Soçi görüşü əslində Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Bu görüşdə də Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqədar təklif etdiyi 5 əsas prinsipi xatırlatdı. Bu təkliflər beynəlxalq hüququn fundamental prinsipləri əsasında irəli sürülüb. Azərbaycan Prezidenti iki dövlət arasında münasibətlərin normallaşmasının yalnız bu prinsiplər əsasında mümkünlüyünü vurğuladı. Regionda sülhün əldə edilməsinə dair vahid yanaşma bir daha təsdiq edildi, bir daha bəyan edildi ki, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Görüş zamanı bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılıq əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə növbəti dəfə qətiyyət nümayiş etdirərək, münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını daim qoruyacağını bir daha təsdiq etdi. Bu görüşdə də Azərbaycan bütün platformalarda olduğu kimi öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxladı. Təqdim olunan Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də  Qarabağ sözünə  istinad yoxdur. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, münaqişə artıq iki il əvvəl bitib. Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməlidir. Şərtləri diktə edən tərəf qalib ölkə olan Azərbaycandır. Soçi görüşünün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Bu baxımdan Soçidə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyət kəsb edir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru