Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib

0
1469

Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib

 İki il öncə noyabr ayının 10-da imzalanmış Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın hərbi kapitulyasiyasını rəsmiləşdirən sənəd idi. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu və münaqişənin hərbi mərhələsini başa çatdırdı, eləcə də Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib: “44 gün ərzində ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədi, uğurlara sevindi, küçələrə axışdı. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bununla da, bütün dünya Azərbaycan xalqının birliyini gördü. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaq.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bununla da erməni miflərinə son qoyuldu, “böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə həm də azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Bu, belə də oldu.

 

Gülnaz Məmmədova – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı