Hərbi gücün nümayişi

0
1687

Hərbi gücün nümayişi

10 dekabr 2020-ci il tarixdə keçirilən Qələbə paradını fərəhlə izlədik. Qələbə paradını izləyərkən Qarabağ sa­vaşı qalibləri olan əsgər və zabitlərimizi də alqışladıq. Biz bu zəfərə görə müzəffər ordumu­za borcluyuq. Bu möhtəşəm zəfəri qazandıqlarına, xalqımızı 30 ilin ən böyük bəlasından xilas etdiklərinə görə onlara minnətdarlıq.  Zəfər paradımızın ən dəyərli 2783 iştirakçısı var idi ki, onlar paradı səmadan izləyirdi. Cismən bizimlə birlikdə olmasalar da,  şad ruhları, yaratdıqları bu möhtəşəm tarixi zəfər bizimlə idi. Xalqımız üçün olduqca qürurvericidir ki, Vətən övladları ölümün gözünə dik baxdılar, şəhidlik zirvəsinə ucal­mağı özlərinə şərəf bildilər. Onların ruhu indi rahatdır, çünki uğrunda mübarizə apardıqları torpaqlarımız azad edilib, o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizə Allahdan hədsiz rəhmət, yaralı əsgər və hərbçilərimizə  şəfa diləyirik.Zəfər yürüşü bir də Azərbaycan xalqının ordusuna olan sevgisi, ehtiramı, sayğısı ilə yadda qaldı. Əllərində Azərbaycan bayrağı “Ən böyük əsgər, bizim əsgər”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!”  şüarları səsləndirən bugünkü uşaqlar sabah Vətənin keşiyində duran gəncliyimizdir. Kiçik qəlbində böyük Azərbaycan sevgisi daşıyan uşaqların coşqusu  Zəfər paradının ən yaddaqalan məqamlardandır. Bu mənada, Qələbəmizə həsr olunan bu tarixi təntənə-Zəfər paradı böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyət kəsb edəcəkdir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Hazırda gənclərimiz Hərbi Qənimətlər Parkına səyahət edib orda olan hərbi texnika və silahlarla tanış olurlar.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova