Vladimir Putin və Emanuel Makronun görüşü həm ikitərəfli münasibətlərdə, həm də müasir beynəlxalq siyasətin ən mürəkkəb qovşaqlarının açılmasında müsbət addım oldu.
Bu fikirləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski dilə gətirib.
“Rusiya və Fransa prezidentləri arasındakı görüşün nəticələri, həm ikitərəfli əməkdaşlığın inkişafında, həm də müasir beynəlxalq siyasətin ən mürəkkəb qovşaqlarının açılmasında bir addım oldu. Suriya və Liviyanın nizamlanması, Ukraynanın cənub-şərqindəki münaqişənin həlli üçün “Norman formatı” nın aktivləşdirilməsi məsələləri müzakirə olundu. Bütün bunlar qlobal sabitlik və təhlükəsizlik üçün vacibdir”, – deyə Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Putin və Makron arasında görüş Avqustun 19-u Fransa prezidentinin yay iqamətgahında – Fort Breqankonda keçirilib. Danışıqlar təxminən 3,5 saat davam edib.