Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi əməliyyat iclasında Moskvanın keçmiş meri Yuri Lujkovu yad edərək, onun xatirəsini əbədiləşdirmək üçün təkliflər hazırlamağı tapşırıb.
Dövlət başçısı bundan əlavə sosial-iqtisadi gündəliyi müzakirə edib və Parisdə Norman sammitində iştirakı barədə məlumat verib. Bu barədə Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Görüşün əvvəlində prezident Lujkovun xatirəsinə ehtiram göstərilməsini xahiş etdi, hökumətə və Moskva şəhər meriyasına onun xatirəsini əbədiləşdirmək üçün təkliflər hazırlamağı tapşırdı.” – deyə, prezidentin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, iclasda Rusiyanın daxili sosial-iqtisadi gündəliyinin aktual problemləri də müzakirə edilib.
Qeyd edək ki, iclasda Rusiyanın Baş naziri Dmitri Medvedev, parlamentin hər iki palatasının spikerləri Valentina Matvienko və Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vaino, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər Naziri Vladimir Kolokoltsev, Xarici İşlər Naziri Sergey Lavrov, Müdafiə Naziri Sergey Şoyqu, FSB rəhbəri Aleksander Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Rusiya Federasiyası Prezidentinin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.