Rusiya Türkiyəni İdlib memorandumunun icrasını aktivləşdirməyə çağırdı

0
6208

Moskva Ankaranı silahsız zonanın yaradılması və müxalifətin terrorçulardan ayrılması ilə əlaqədar İdlib memorandumunun icrasını sürətləndirməyə çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ancaq açıq bir şəkildə İdlibdəki terror anklavına dözmək olmur. Bununla əlaqədar Rusiya 17 sentyabr 2018-ci il tarixli İdliblə bağlı Soçi memorandumunun tam şəkildə həyata keçirilməsi üçün tədbirlərin artırılmasının tərəfdarıdır. İlk növbədə isə silahsız zonanın yaradılması və qondarma müxalifətin terrorçulardan ayrılması ilə bağlı” – deyə, Mariya Zaxarova vurğulayıb.
Qeyd edək ki, Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 24-ü İdlib əyalətindəki 40-dan çox kəndin hərbi əməliyyat zamanı terrorçulardan azad edildiyini elan etdi və mülki şəxsləri yaraqlıların ələ keçirdikləri yaşayış məntəqələrini tərk etməyə çağırdı. Azad edilmiş kəndlərin siyahısında Maaret Nuuman şəhərindən on kilometr aralıdakı Djanjanaz kəndi kimi strateji əhəmiyyətli ərazilər var.